SƏHİYYƏ

Həkim: Alkoqol istifadəsi və tütünçəkmə infarkta səbəb olur

Sputnik
Alkoqol istifadəsi və tütünçəkmə, orqanizmdə, ürək-damar sistemimizdə genişmiqyaslı dəyişkənlik törədir. Daha çox ürək damarının divarında daralmalara səbəb olur. Bu isə gələcəkdə miokard infarktı və insultların inkişafına gətirib çıxarır. Bu, təbii ki, orqanizm üçün təhlükəlidir. Daralmış damar tamamən tutulduqda, hətta ölümə də gətirib çıxarır. Yəni, ürək qəflətən dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov deyib.
Onun sözlərinə görə, alkoqol və tütünçəkmənin yaratdığı ağır hallardan biri də insultlardır: "Buna el arasında iflic deyirlər. Yəni, əllərin, ayaqların iflicinə, nitq pozulmasına gətirib çıxarır. Odur ki, hər kəs özünü qorumalı, zərərli vərdişlərdən tamamilə imtina etməlidir. Bununla yanaşı, qidalanmaya da diqqət edilməli, çox yağlı, duzlu qidalardan mümkün qədər uzaq durmaq lazımdır. Heç kəs özünə laqeyd qalmamalıdır. Bütün bunlarla bərabər, ən azı ildə iki dəfə müayinələrdən keçmək tövsiyə olunur".