RUSİYA

Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür - Ekspert

Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı bildirib ki, Rusiya bir qonşu, neft və qaz mənbəyi kimi Türkiyənin ən mühüm tərəfdaşı, indi də AES-in tərəfdaşı olaraq qalır.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Türkiyə Aİ və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq, çünki Rusiya Ankara üçün əsas strateji tərəfdaşdır. Bunu Türkiyədə fəaliyyət göstərən Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı bildirib.
"Rusiya bir qonşu, neft və qaz mənbəyi kimi Türkiyənin ən mühüm tərəfdaşı, indi də AES-in tərəfdaşı olaraq qalır. Üstəlik, atom elektrik stansiyalarında əməkdaşlıq investisiyaları həqiqətən çox böyükdür və indi bu, Rusiyanı Türkiyə üçün açıq-aşkar strateji tərəfdaşa çevirir. Ona görə də mən Türkiyənin Rusiyaya qarşı çıxacağını, Aİ və ABŞ sanksiyalarına qoşulacağını indi də, gələcəkdə də gözləmirəm", - deyə Bağcı "Valday" diskussiya platforması tərəfindən beynəlxalq nizamdakı böhran kontekstində Rusiya və Türkiyə arasında münasibətlərin yeni modeli ilə bağlı təşkil olunan müzakirə zamanı bildirib.
Ekspertin fikrincə, Avropa İttifaqı Rusiya ilə sərhədləri bağlamaqla səhv siyasət yürüdür.
"Türkiyə Rusiya xalqına Avropanın etdiyi kimi davranmayacaq. Türkiyə sərhədləri bağlamaqla Aİ-nin istifadə etdiyi yanlış siyasətdən istifadə etməyəcək", - Bağcı əlavə edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ Rusiya Federasiyasına qarşı ixraca nəzarət tədbirlərini pozduqlarına görə Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə üzvləri Kanadanın sanksiyalarına məruz qalıb.
Kanada hökumətinin saytında yayılan məlumatda bildirilir ki, onun həyat yoldaşı Tatyana Navka, övladları Elizabet və Nikolaya qarşı sanksiyalar tətbiq olunur.
Xatırladaq ki, bu gün Kreml Sarayının Georgievski zalında sentyabrın 23-dən 27-dək referendumların keçirildiyi "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişlərin imzalanması mərasimi keçirilib.