"Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirir. Bu ilin avqustunun sonunda Brüsseldə keçirilmiş sayca dördüncü görüşdə Ermənistanın sülh prosesindən yayınmaq cəhdlərinə baxmayaraq sülh gündəliyinin müzakirəsinin başladılması ilə bağlı razılıq əldə olundu. Müvafiq olaraq da bu ayın əvvəlində hər iki ölkənin XİN rəhbərlərinin iştirakı ilə görüş keçirildi. Bunun ardınca isə ABŞ Dövlət Katibinin təşəbbüsü ilə XİN rəhbərlərinin telefon danışığı baş tutdu. Bütün bunlar göstərir ki, ümumilikdə sülh gündəliyi aktualdır. Amma bir nüansı da unutmaq olmaz ki, Ermənistan masa arxasında üzü yola mövqe sərgiləsə də, sonradan aqressiv mövqeyə qayıdır".
"Paşinyanın da ikibaşlı bəyanatlarından bu aydın sezilməkdədir. Gah deyir ki, Azərbaycanla bağlanacaq sülh müqaviləsinə Qarabağ məsələsi aid olmayaq. Digər tərəfdən də Qarabağın statusu məsələsini və Azərbaycan ərazisindəki yaşayan separatçıları tərəf kimi göstərməyə çalışır. Buradan görünür ki, Ermənistan özünün dövlətçilik tarixi yaranandan bəri mövcud olan işğalçılıq siyasətini yenə də "malalamağa" çalışır. Əslində onların bütün bəyanatları başdan ayağa ziddiyyətlidir. Deyirlər ki, heç vaxt Azərbaycana qarşı ərazi iddiamız olmayıb, bununla belə otuz ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayıblar. Yaxşı, sual olunur, torpaqlarımızı niyə işğal etmişdiniz? Məqsədiniz nə idi? Bu kimi suallara Ermənistanın verəcək cavabı yoxdur".