BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçirilir. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib.
O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.