BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndinə səfəri başlayıb. Onlar kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkəcəklər.
"Report"un verdiyi xəbərə görə, müvafiq dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.
Qeyd edək ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.