BAKI, 6 oktyabr — Sputnik. Azərbaycanın qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Bəyanatda deyilir ki, Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlıq regionda sayca üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi və sentyabr ayının 14-də Edilli kəndində digər bir kütləvi məzarlıqda 12 nəfərin cəsədi təsadüfi qazıntılar nəticəsində aşkar edilmişdi. Məzarlıqlarda tapılan cəsədlərin funksional vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada, xüsusi qəddarlıqla öldürüldüklərini deməyə əsas verir:
"Bütün bu baş verənlər Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əsir və girovlarımıza qarşı qanuni çərcivədən kənar və özbaşına edamların nəticəsidir ki, bu da silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozulması ilə nəticələnən müharibə cinayətidir. Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bu hadisəni qətiyyətlə pisləyir və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik".
Verilən bəyanatda o da qeyd olunub ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 20% ərazilərinin işğalı zamanı (1988-1994-cü illər) ermənilər tərəfindən əsir götürülən 4000-ə yaxın Azərbaycan vətəndaşının (hərbi qulluqçu və mülki şəxslərin) taleyindən hələ də xəbər yoxdur. Azərbaycan dövləti dəfələrlə itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bütün beynəlxalq humanitar təşkilatlar məsələ ilə bağlı səssiz qalmış və heç birini cavablandırmayıb.
1949-cu il Cenevrə konvensiyalarına əsasən müharibə zamanı hərbi əsirlərlə davranış, eləcə də yaralı və mülki şəxslərin müdafiəsi tələbləri Ermənistan tərəfindən dəfələrlə pozulmuş və 2022-ci ildə aşkar edilən kütləvi məzarlıqlar da bu pozuntuların baş verdiyini sübut edən bariz nümunə olmuşdur. İndiyədək müharibə cinayətləri törədən erməni hərbiçilərinə qarşı Ermənistan hüquq mühafizə orqanları və məhkəmələri tərəfindən heç bir cəzalandırılma halına rast gəlinməyib.
Azərbaycan Respublikasının 2020-ci il Vətən Müharibəsindən sonra Ermənistana həm itkin düşmüş şəxslərin taleyi, eləcə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı müraciətləri də faktiki olaraq cavabsız qalıb. Ermənistan bütün hallarda Azərbaycanın humanist, qərəzsiz münasibətinə qeyri-adekvat münasibət bəslənib: "Müharibə cinayətləri törədən, yüzlərlə mülki şəxsin ölümünə səbəb olan, bir milyon insanın yaşamaq hüquqlarını pozan, onların varidatını mənimsəyən, mədəni irsini məhv edən Ermənistan adlı bir dövlətin hələ də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, azərbaycanlıların başlarına gətirilən faciələrə ikili standartlarla yanaşılması bizim həmin təşkilatların fəaliyyətinə inamımızı azaldır".
"Bəyan edirik ki, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq humanitar təşkilatlar adekvat cavab verməli, törətdiyi cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməli və Azərbaycanın 4000-ə yaxın itkin düşmüş vətəndaşının taleyinə aydınlıq gətirməlidirlər", - deyə beynəlxalq təşkilatlara müraciətdə deyilir.