İQTİSADİYYAT

Mikayıl Cabbarov Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda

Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edirlər
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın paytaxtı Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iştirak edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
"Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iqlim siyasəti üzrə qlobal çağırışlardan irəli gələn fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq. Həmkarlarla birlikdə Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin, yeni konsepsiyaların tətbiqinin əhəmiyyətini vurğuladıq", - deyə nazir bildirib.
Xatırladaq ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçiriləcək. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib. O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.
"Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq. Eyni zamanda, əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafı sahəsində birgə layihələrə yönəldilməsi planlaşdırılır," - deyə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.