İQTİSADİYYAT

Baş nazir Əli Əsədov Rusiyada işgüzar səfərdədir

Baş nazir Əli Əsədov Rusiyaya işgüzar səfər edib/
Sputnik
BAKI, 5 oktyabr - Sputnik. Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Baş nazir Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrinin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.
Xatırladaq ki, oktyabrın 5-6-da II Xəzər İqtisadi Forumu keçiriləcək. Forumda "Xəzər beşliyi" ölkələrinin rəsmi nümayəndə heyətləri ilə yanaşı, federal və regional hakimiyyət orqanlarının nümayəndələri, aparıcı şirkətlərin rəhbərləri də iştirak edəcəklər.
2018-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər beşliyinin Qazaxıstanda keçirilən sammitində XİF-in keçirilməsini təklif edib. O, forumun çoxtərəfli iqtisadi dialoq üçün daimi platformaya çevrilməsini və onun növbə ilə Xəzəryanı ölkələrin hər birində keçirilməsini təklif edib. I Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçirilib. Burada Bolqarıstan və Özbəkistandan da nümayəndə heyətləri iştirak ediblər.
"Forum zamanı Xəzər regionunda ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın əsas məsələlərinə baxılacaq. Eyni zamanda, əsas diqqətin nəqliyyat infrastrukturu, enerji, ətraf mühitin mühafizəsi, eləcə də regionlararası əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafı sahəsində birgə layihələrə yönəldilməsi planlaşdırılır," - deyə Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.
İQTİSADİYYAT
Mikayıl Cabbarov Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda