BAKI, 5 oktyabr — Sputnik. Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası planlaşdırılır.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla birgə hazırlanıb.
Xatırladaq ki, bu ilin avqust ayında Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.
Ötən il mayın 28-də Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Ağdam şəhərinin baş planı dövlət başçısına təqdim olunub. Həmin gün Prezident Ağdam şəhərinin bərpasının təməl daşını qoyub.
Onu da bildirək ki, bu gün BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.