Zorakılığın baş verdiyi məktəbdə qanun pozuntuları aşkarlanıb

Baş Prokrorluqdan bildirilib ki, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. Prokurorluq və polis orqanları tərəfindən azyaşlıların hüquqlarının müdafiəsi, xüsusilə onların məişətdə ailə üzvləri tərəfindən və ictimai yerlərdə, o cümlədən təhsil ocaqlarında digər uşaqlar tərəfindən zorakılığa (bullinqə) məruz qalmasının qarşısının alınması və bu cür qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üçün məqsədli tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılan videogörüntü ilə bağlı daxili işlər, aidiyyəti digər dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb. Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib.
Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib.
Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyətli olması ilə yanaşı, valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayır.
Qeyd edək ki, bu gün sosial şəbəkədə 112 nömrəli orta məktəbdə bir şagirdin digər sinif yoldaşını döyməsini özündə əks etdirən video yayılıb. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
CƏMİYYƏT
Məktəbdə baş verən olayla bağlı tibbi ekspertiza təyin olunub