CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 minədək bioloji nümunə götürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji nümunə toplanılıb.
Sputnik
BAKI, 4 sentyabr - Sputnik. Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 10 min bioloji nümunə toplanılıb.
Bunu BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır.
"Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Bu məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”, - Hüseynova deyib.
Qeyd edək ki, Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.