BAKI, 4 oktyabr — Sputnik. Son illər sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər. Belə videolar yeniyetmə və azyaşlılar arasında da populyarlaşıb. Musiqi ilə təbliğ olunan narkomaniya ciddi narahatlıq doğurur. Bu mahnıların təbliği yeniyetmələrə nə kimi təsir edə bilər?
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu mahnılar müəyyən məqamlarda onları yönləndirə, yeniyetmələrin düşüncə və davranışına, ünsiyyətlərinə öz təsirini göstərə bilər. Psixoloqun sözlərinə görə, bu problem uzun illərdir mövcuddur:
Bəs, vəziyyətdən çıxış yolu nədir?
E.Rüstəmov bildirir ki, yeniyetmələri təhsilə cəlb etməklə, təhsildən yayınan məktəblilərlə xüsusi işlər aparmaqla bu problemi müəyyən qədər çözmək olar:
Müsahibimiz bununla bağlı konseptual işlər görməyin vacibliyini vurğuladı. Onun sözlərinə görə, cəmiyyətdə bununla bağlı maarifləndirmə işləri aparılmalı və profilaktik tədbirlər görülməlidir. Bununla problemi qismən tənzimləmək olar:
"Filmlərə baxanda görürük ki, hansısa narkotik vasitə qəbul edənin bahalı maşını, villası, təyyarəsi var. O filmə baxan uşaq, yeniyetmə düşünür ki, o təyyarəni əldə etmək üçün narkotik istifadəçisi olmaq lazımdır. Bu filmlər, mahnılar bəşəriyyəti zəhərləmək üçün ən güclü vasitədir. Dünyada ən böyük qaçaqmalçılıq, ticarət bu sahədədir. Narkotik ticarəti ilə məşğul olanlar filmlərdə, sosial şəbəkələrdə şüuraltı infeksiyanı yayırlar. Mən demirəm o mahnını oxuyan bilərəkdən bunu edir. O mahnıları oxuyanlar da narkotikdən əziyyət çəkirlər, qurtulmaq istəyirlər. Niyyət var, amma yol düz deyil".
Mütəxəssisin qənaətinə görə, xüsusi janrda mahnı ifa edən müğənnilərin əksəriyyəti narkotik aludəçisi olurlar.
Tanınmış "Youtube"r Nail Kərimli narkotik qurbanları haqqında videoçarxlar hazırlayır. O bildirir ki, narkotik qurbanlarının içində elələri var, hansısa mahnının təsirinə düşüb narkotik qəbul edib.
N.Kərimlinin fikrincə, bu cür mahnılar gənclərdə narkomaniyaya maraq oyadır:
"Bu cür mahnıların ölkəmizdə yayılmasına yol verilməməlidir. Xüsusilə Daxili İşlər Nazirliyi bu işlə məşğul olmalıdır. Bu cür mahnıları oxuyan, təbliğ edən müğənnilərə cəza kəsilməlidir. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu cür mahnıların yayılmasının qarşısı alınsın".
Xatırladaq ki, bir müddət əvvəl musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.