CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotiki təbliğ edən mahnılara qarşı hansı cəza tədbirləri görülməlidir?

© AFP 2023 / BRENDAN SMIALOWSKINarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2022
Abunə olmaq
Sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər.
BAKI, 4 oktyabr — Sputnik. Son illər sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər. Belə videolar yeniyetmə və azyaşlılar arasında da populyarlaşıb. Musiqi ilə təbliğ olunan narkomaniya ciddi narahatlıq doğurur. Bu mahnıların təbliği yeniyetmələrə nə kimi təsir edə bilər?
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu mahnılar müəyyən məqamlarda onları yönləndirə, yeniyetmələrin düşüncə və davranışına, ünsiyyətlərinə öz təsirini göstərə bilər. Psixoloqun sözlərinə görə, bu problem uzun illərdir mövcuddur:

"Hətta sosial platformalara baxsaq görərik ki, onları kifayət qədər izləyənlər var. Problem ondadır ki, biz bunu dayandıra da bilmərik".

© Photo : APAPsixoloq Elnur Rüstəmov
Psixoloq Elnur Rüstəmov - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Psixoloq Elnur Rüstəmov
Bəs, vəziyyətdən çıxış yolu nədir?
E.Rüstəmov bildirir ki, yeniyetmələri təhsilə cəlb etməklə, təhsildən yayınan məktəblilərlə xüsusi işlər aparmaqla bu problemi müəyyən qədər çözmək olar:

"Burada söhbət valideynin diqqətli olmasından, məktəbin zəruri diqqət göstərməsindən gedir. Burada həm müəllimlər, həm də valideynlərdən diqqət tələb olunur. Təhsildən yayınan uşaq narkotikin potensial qurbanlarından ola bilər. Təhsilli də bu təsirə düşə bilər, amma ehtimal azdır".

Müsahibimiz bununla bağlı konseptual işlər görməyin vacibliyini vurğuladı. Onun sözlərinə görə, cəmiyyətdə bununla bağlı maarifləndirmə işləri aparılmalı və profilaktik tədbirlər görülməlidir. Bununla problemi qismən tənzimləmək olar:
"Filmlərə baxanda görürük ki, hansısa narkotik vasitə qəbul edənin bahalı maşını, villası, təyyarəsi var. O filmə baxan uşaq, yeniyetmə düşünür ki, o təyyarəni əldə etmək üçün narkotik istifadəçisi olmaq lazımdır. Bu filmlər, mahnılar bəşəriyyəti zəhərləmək üçün ən güclü vasitədir. Dünyada ən böyük qaçaqmalçılıq, ticarət bu sahədədir. Narkotik ticarəti ilə məşğul olanlar filmlərdə, sosial şəbəkələrdə şüuraltı infeksiyanı yayırlar. Mən demirəm o mahnını oxuyan bilərəkdən bunu edir. O mahnıları oxuyanlar da narkotikdən əziyyət çəkirlər, qurtulmaq istəyirlər. Niyyət var, amma yol düz deyil".
© AFP 2023 / BRENDAN SMIALOWSKINarkotik qəbulu üçün şpris, arxiv şəkli
Шприц, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Narkotik qəbulu üçün şpris, arxiv şəkli
Mütəxəssisin qənaətinə görə, xüsusi janrda mahnı ifa edən müğənnilərin əksəriyyəti narkotik aludəçisi olurlar.

"Biz bu gün bunun qarşısını hansısa inzibati resusla ala bilmərik. O mahnıları oxuyan da azərbaycanlıdır. Onun da ətrafında bacısı, qardaşı uşağı, bir sözlə, doğmaları var. Birinci növbədə özü bunu dərk etməlidir ki, bu mahnı onun doğmalarına təsir edə bilər. Tutaq ki, narkotiki təbliğ edən mahnını oxuyanı məsuliyyətə cəlb etdilər. İnsan hüquqları təşkilatları töküləşəcəklər, adamı qəhraman edəcəklər. Problem ikiqat artacaq", - deyə psixoloq fikrini tamamlayıb.

Tanınmış "Youtube"r Nail Kərimli narkotik qurbanları haqqında videoçarxlar hazırlayır. O bildirir ki, narkotik qurbanlarının içində elələri var, hansısa mahnının təsirinə düşüb narkotik qəbul edib.
© Sputnik / Ramil SitdikovYouTube
YouTube  - Sputnik Azərbaycan, 1920, 03.10.2022
YouTube
N.Kərimlinin fikrincə, bu cür mahnılar gənclərdə narkomaniyaya maraq oyadır:
"Bu cür mahnıların ölkəmizdə yayılmasına yol verilməməlidir. Xüsusilə Daxili İşlər Nazirliyi bu işlə məşğul olmalıdır. Bu cür mahnıları oxuyan, təbliğ edən müğənnilərə cəza kəsilməlidir. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu cür mahnıların yayılmasının qarşısı alınsın".
Xatırladaq ki, bir müddət əvvəl musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.
Xəbər lenti
0