BAKI, 4 oktyabr — Sputnik. Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, məktəbin 9-cu sinif şagirdlərindən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib:
"Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub".
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bu gün sosial şəbəkədə 112 nömrəli orta məktəbdə bir şagirdin digər sinif yoldaşını döyməsini özündə əks etdirən video yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu 112 nömrəli məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, hadisə 30 sentyabr tarixində tənəffüs zamanı baş verib.