BAKI, 4 sentyabr - Sputnik. Təhsil ocağında "bullinq" hadisəsinin baş verməsi təəssüf və təəccüb doğurur. Çünkü, şagird evdən çıxıb məktəbə dalaşmağa yox, təhsil almağa getməlidir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı müraciətdə bildirilir.
Qeyd olunur ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbdə təhsil alan 9-cu sinif şagirdinin öz sinif yoldaşına qarşı fiziki zorakılıq tətbiq etməsini əks etdirən videogörüntü ilə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti qurumların əməkdaşları məktəbə səfər ediblər.
Məsələnin ətraflı öyrənilməsi məqsədilə məktəblilər, onların valideynləri, eləcə də məktəb rəhbərliyi və məktəbin psixoloqu ilə ətraflı söhbətlər aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək.
"Əziz valideynlər, övladlarınıza başqalarına qayğı və diqqət göstərməyi aşılayın!", - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciətində bildirilir.