BAKI, 3 oktyabr - Sputnik. Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparıblar.
Qeyd edək ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri çərçivəsində İran İslam Respublikasının pavilyonuna baxış keçirib.
Qeyd olunub ki, İran Aviasiya Sənaye Təşkilatı (IAIO) bu ölkənin mülki və hərbi aviasiya sənayesini planlaşdırmaq, nəzarət və idarə etmək məqsədilə 1966-cı ildə yaradılmış dövlət korporasiyasıdır. Şirkət təyyarə və aerokosmik məhsullar istehsal edir.