BAKI, 3 oktyabr — Sputnik. Rusiyanın "Qazprom" şirkəti "Şimal axını-1" və "Şimal axını-2"nin zədələnmiş xətlərində təzyiqin sabitləşdiyini və qaz sızmasının dayandırıldığını elan edib. Bu barədə şirkət öz "Telegram" kanalında məlumat verib.
"Şimal axını-2" qaz boru kəmərinin A xəttində və "Şimal axını-1" qaz boru kəmərinin hər iki xəttində fasilələrdən sonra təzyiq sabitləşib, qaz sızması dayanıb", - deyə məlumatda bildirilir.
Holdinq onu da qeyd edir ki, "Şimal axını-2" qaz boru kəmərinin B xəttində təzyiqin azaldılması istiqamətində işlər aparılır. Bunun üçün borudakı təbii qaz çıxarılır. "Şimal axını-2"nin B xətti vasitəsilə tədarükün başlanması ilə bağlı qərar qəbul olunarsa, təbii qaz boru kəmərinə vurulacaq.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qaz sızmasının baş verdiyi "Şimal axını-1" və "Şimal axını-2" qaz boru kəmərlərinin hansı müddətdə bərpa edilə biləcəyi barədə hələlik heç bir məlumat yoxdur.
Sentyabrın 27-də "Nord Stream" operator şirkəti bildirib ki, "Şimal axını" qaz boru kəmərlərinin üç xəttinə ziyan dəyib. O zaman Danimarka və Almaniyada kiminsə məqsədyönlü şəkildə "axınların" xətlərinə hücum etməsi istisna edilməyib.
Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qeyd edib ki, dolayı məlumatlar Qərb ölkələrinin "Şimal axını"nda baş verən partlayışlarda iştiraklarını göstərir.