BAKI, 3 oktyabr — Sputnik. Hazırkı şəraitdə Yaponiya ilə sülh müqaviləsi bağlamaq mümkün deyil. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Bir müddət əvvəl Yaponiyanın Baş naziri Fumio Kişida bəyan etmişdi ki, Ukraynaya görə Rusiya ilə mürəkkəb münasibətlərə baxmayaraq, Yaponiya ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq kursunu qətiyyətlə dəstəkləyir.
"Sözsüz ki, belə bir şəraitdə sülh müqaviləsi üzrə danışıqların aparılması mümkün deyil", - deyə Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, Yaponiya, təəssüf ki, inadla bir qrup qeyri-dost ölkələrin yanında yer alıb və özü də Rusiya üçün dost olmayan ölkəyə çevrilib. "Əlbəttə, belə bir şəraitdə hansısa danışıqlar aparmaq mümkün deyil", - deyə Peskov vurğulayıb.
Yaponiyanın baş naziri Fumio Kişida isə ölkə parlamentində çıxışı zamanı deyib ki, Yaponiya ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq kursuna qətiyyətlə sadiqdir.
"Ukraynadakı vəziyyətə görə Rusiya-Yaponiya münasibətləri gərgindir, lakin biz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursuna qətiyyətlə sadiqik", - Kişida bildirib.
Xatırladaq ki, 2022-ci ilin martında Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırdığını açıqlamışdı.
Bununla yanaşı Rusiya Kuril adalarının cənubunda birgə təsərrüfat fəaliyyəti üzrə dialoqdan imtina edib və Yaponiyanın Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatında sektorlar üzrə dialoqda tərəfdaş statusunun uzadılmasına qadağa qoyub.
"İkitərəfli əməkdaşlığa və Yaponiyanın öz maraqlarına vurulan zərbəyə görə məsuliyyət qarşılıqlı faydalı əməkdaşlıq və xoş qonşuluq əvəzinə Rusiyaya qarşı xətti seçən rəsmi Tokionun üzərinə düşür", - deyə Rusiya XİN bəyanatında vurğulanıb.