SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa üçün önəm daşıyır - İlham Əliyev

Azərbaycan Prezidenti Bolqarıstanda deyib ki, Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq.
Sputnik
BAKI, 30 sentyabr - Sputnik. “Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir”.
Bunu Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir:
“Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var. Biz bu işin birinci mərhələsindəyik. Əminəm ki, bu gün Sizinlə təkbətək görüşdə müzakirə etdiyimiz mövzularla bağlı gələcəkdə praktiki addımlar atılacaq. Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və Sizin qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.
Amma haqlı qeyd etdiyiniz kimi, təkcə enerji məsələləri deyil, digər sahələrdə də yaxşı nəticələr var. Humanitar sahəni xüsusilə qeyd etməliyəm. Nəqliyyat sahəsində “Orta dəhliz”in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti, əlbəttə ki, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq. Əminəm ki, gələcəkdə təmaslarımız çox olacaq və bizim onsuz da geniş olan gündəliyə yeni məsələlər daxil ediləcəkdir”.
SİYASƏT
Azərbaycan özünü Bolqarıstan üçün arzuolunan və etibarlı tərəfdaş kimi tanıdıb - Radev