RUSİYA

Moskva və Vaşinqton START-3 çərçivəsində dialoq aparır - Zaxarova

Rusiya XİN sözçüsü bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ABŞ-la qarşılıqlı razılaşma əsasında 2020-ci ilin əvvəlindən Müqavilə çərçivəsində təftiş fəaliyyətləri dayandırılıb.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Moskva və Vaşinqton START-3 çərçivəsində yoxlamaların bərpası məsələsi üzrə dialoq aparır və məsləhət komissiyasının üzbəüz iclası da müzakirə olunur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O xatırladıb ki, koronavirus pandemiyası ilə əlaqədar ABŞ-la qarşılıqlı razılaşma əsasında 2020-ci ilin əvvəlindən Müqavilə çərçivəsində təftiş fəaliyyətləri dayandırılıb.
"Əlbəttə, onun bərpası məsələsi nəzərdən keçirilir, müvafiq kanallar vasitəsilə tərəflərin nəzarət mexanizminin bu hissəsində müqavilənin tam icrasına necə qayıda biləcəyi ilə bağlı dialoq aparılır", - Zaxarova brifinqdə deyib.
O vurğulayıb ki, söhbət ilk növbədə ikitərəfli məşvərət komissiyasının fəaliyyətindən gedir.
"Hazırda üzbəüz sessiyanın keçirilməsi imkanları öyrənilir", - Zaxarova bildirib.
START müqaviləsi
Strateji Silahların Azaldılması Müqaviləsi (START - Strategic Arms Reduction Treaty - red.) 2010-cu ildə imzalanıb və 2011-ci ilin 5 fevralında qüvvəyə minib.
Bu sənəd Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılması barədə yeganə müqavilə olaraq qalır. Sazişin müddəti 2021-ci ilin fevralında başa çatır. Bundan əvvəl Prezident Donald Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişinin hazırlanması istəyindən danışmışdı. Pekin bu ideyanı rədd edib.
Sazişə əsasən, tərəflərin hər biri yeddi il və ondan sonrakı müddətdə öz nüvə arsenalının ümumi sayı 700 olan qitələrarası ballistik raketdən, sualtı qayıqlardakı və ağır bombardmançılardakı ballistik raketlərdən, habelə 1550 döyüş başlığından, 800 quraşdırılmış və quraşdırılmamış raket qurğusundan artıq olmamaq şərtilə ixtisarını nəzərdə tutur.
5 fevral 2018-ci il Rusiya və ABŞ-ın START-3 meyarlarına çatması üçün son tarix olaraq göstərilib.