BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Sonda xatirə şəkili çəkdirilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.