BAKI, 28 sentyabr — Sputnik. Avropa İttifaqı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin üç xəttində törədilən təxribata "qətiyyətli hərəkətlərlə" cavab verəcək, lakin ilk növbədə günahkarlar müəyyən edilməlidir. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün "Twitter" səhifəsində yazıb.
"Avropanın aktiv enerji infrastrukturunun hər hansı bir şəkildə qəsdən pozulması qəbuledilməzdir və mümkün olan ən güclü cavabla nəticələnəcək", – deyə fon der Lyayen sözünə davam edib.
Onun sözlərinə görə, obyektin dağıdılmasında iştirak edənlərin hamısının müəyyən edilməsi üçün hərtərəfli araşdırma aparılacaq.
Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde deyib ki, ehtimal ki, təxribat səbəbindən partlayışlar "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin üç xəttində qaz sızmasına səbəb olub.
İnternet saytlarında daha əvvəl yazıldığı kimi, Danimarka Dəniz İdarəsi "Şimal axını" qaz kəmərinin yerləşdiyi yerə uyğun gələn "Bornholm" adasının şimal-şərqindəki Danimarka eksklüziv iqtisadi zonasında qaz sızmalarının qeydə alındığını bildirib.