BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan-Ermənistan arasında baş verən son hərbi toqquşmaların ardından iki ölkə rəsmilərinin ABŞ-da ardıcıl görüşləri keçirildi. Belə ki, sentyabrın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Sentyabrın 27-də isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşdü.
Qeyd etmək lazımdır ki, ABŞ-ın təşəbbüskarlıq göstərdiyi bu görüşlərdən başqa ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və fransalı həmkarı Emmanuel Makron arasında da telefon danışığı baş tutub.
Bəs Cənubi Qafqazda gedən proseslərlə bağlı Qərb dövlətlərinin fəallaşmasının arxasında nə dayanır? ABŞ və Fransa nəyə nail olmaq istəyir?
Siyasi analitik Tahir Cəfərlinin sözlərinə görə, Azərbaycan regionda cərəyan edən prosesləri idarə etməyi bacarır və hazırkı mövqeyində qətiyyətlidir:
"Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi maraqlar əsasında sülh prosesini davam etdirir. Biz baş verən proseslərə geniş spektrdən baxsaq görərik ki, regionumuz geniş iqtisadi imkanlara malikdir. Buna görə də tək ölkəmiz üçün deyil, burada iqtisadi maraqları olan digər ölkələr üçün sülhün təmin edilməsi önəmlidir".
Tahir Cəfərli qeyd edib ki, həm Şimaldan Cənuba, həm də Şərqdən Qərbə gedən əlverişli tranzit yollarının bu regionda kəsişməsi regionumuzun əhəmiyyətini daha da artırıb: "Bu tranzit yollarının işləməsi həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır, eləcə də digər dövlətlər də bundan öz faydasını götürə bilər. Amma biz buna mane ola biləcək qüvvələrin ortaya çıxmasını da nəzərə almalıyıq. Bu baxımdan regionda hərbi toqquşmaların qızışması həmin dairələrin maraqlarına xidmət edir".
"Biz bilirik ki, uzun illər ərzində münaqişənni həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu artıq amorf bir quruma çevrilib. Müharibə başa çatdıqdan qısa zaman sonra Azərbaycana səfər edən həmsədrləri qəbul edərkən Prezident İlham Əliyev onların fəaliyyətinin bundan sonra heç bir əhəmiyyət kəsb etmədiyini bildirdi. Bu baxımdan proseslərdə Qərb ölkələrinin təşəbbüskarlığı səmimi qəbul edilə bilməz", - deyə analitik qeyd edib.
Tahir Cəfərlinin sözlərinə görə, post münaqişə dövrünün öz reallıqları var və bunu Azərbaycan öz gücü hesabına yaradıb: "Bu gün Zəngəzur dəhlizi həmin reallıqlardan biridir. Azərbaycan azad edilmiş ərazilərində geniş miqyaslı bərpa-quruculuq işləri aparır. Bütün bunlar həm də böyük iqtisadi layihələrin reallaşmasının tərkib hissəsidir. Bu gün mövcud Ermənistan iqtidarı imza atdığı üçtərəfli bəyannamələrin müddəalarından yayınmağa çalışır, ancaq həm də yaxşı bilirlər ki, bu onların sonunu gətirə bilər".
Analitik vurğulayıb ki, regionda gedən proseslərdə əsas söz sahibləri Azərbaycan, Rusiya və Türkiyədir: "Onu da bilirik ki, Qərb ölkələri uzun illər müharibələr yolu ilə, qeyri-sabitlik yaratmaqla dünyada əzici siyasət yürüdüblər. Regionumuzda təklif olunan sülh platforması həmin Qərb ölkələrinin maraqlarına uyğun gəlmir. Çünki Cənubi Qafqazda əldə olunacaq sülh tək bura ilə məhdudlaşmayacaq. Bu sülh özü ilə birlikdə geniş bir coğrafiyaya sülh, sabitlik, iqtisadi inkişaf vəd edir".
Görünən odur ki, Cənubi Qafqaz uğrunda Qərb-Rusiya mübarizəsi yeni mərhələdədir. Rusiyanın vasitəçilik missiyası ilə Azərbaycan-Ermənistan arasında əldə olunmuş razılaşmaların icrasının Qərbin regionda təsir imkanlarını məhdudlaşdıracağı hər kəsə bəllidir. Ermənistan hakimiyyətinin düşdüyü ağır vəziyyətdən çıxmaq üçün Qərb ölkələrinin ətəyindən yapışması isə hələlik ona fayda gətirmir. Azərbaycana təsir etməyə çalışan bu ölkələr həm də erməni lobbisinin təsiri altındadırlar.