BAKI, 27 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviter hesabında Anım Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: "Uca Tanrıdan şəhidlərimizə rəhmət, onların ailələrinə güc və səbir diləyirəm!"
Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.