BAKI, 26 sentyabr — Sputnik. Bir müddətdir ki, mətbuatda sığınacaqda olan uşaqların qotura yoluxduğunu əks etdirən məlumat yayılmışdı. Həmin uşaqların hansı sığınacaqdan olduğu bildirilməsə də, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə əllərindəki qotura bənzər səpgilərə görə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirilən azyaşlıların müalicə olunmadan sığınacağa qaytarıldığını qeyd edib. O bildirib ki, dispanserə aparılarkən səpgi uşaqların təkcə əllərində vardı, indi isə bütün bədənlərinə yayılıb:
"Sığınacağımıza yeni yerləşdirilən uşaqlar tibbi müayinədən keçirilərkən dermatoloq əllərindəki səpgilərin qotura oxşadığını bildirdi. Ona görə də dörd gün öncə bu uşaqları 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserinə yerləşdirdik. Daha sonra bizdən dərman istədilər, onu da apardıq, hətta uşaqların yanına bir könüllümüzü də qoyduq. Nəticədə isə bu görüntülər ortaya çıxdı. Necə "güclü" müalicə aparılıbsa, əvvəl səpgi təkcə əllərində idi, indi bütün bədənlərinə yayılıb. Uşaqlar "sağlamdır" diaqnozu ilə sığınacağa göndəriliblər. Məqsəd nədir? Niyə xəstələrə, özü də uşaq olan pasiyentlərə etinasız yanaşılır? Mütəxəssislərinizi təcili göndərin, bu körpələri harada istəyirsiniz, müalicə edib sağaldın və bizə təhvil verin".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildirilib ki, Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib. Adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19 sentyabrda 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə, qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıb. Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə öz sosial media hesabında sığınacaqdakı uşaqlar arasında qotura bənzər dəri xəstəliyinin yayıldığını və xəstəxanada müalicələri tamamlanmadan onların ambulator müalicəyə buraxıldığı haqda paylaşım etmişdi.