RUSİYA

İjevskdəki atışmanı törədən şəxsin kimliyi açıqlandı

Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın İjevsk şəhərindəki atışma həmin məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artyom Kazantsev tərəfindən təşkil olunub. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, hazırda onun neofaşist fikirlərə sahib olub-olmadığı araşdırılır.
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib. Son məlumatlara görə, 13 nəfər cinayətin qurbanı olub, onlardan 9-u uşaqdır. hadisə nəticəsində 23 nəfər, o cümlədən 20 məktəbli yaralanıb.
"Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdəki məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. Bu, 1988-ci il təvəllüdlü, İjevsk əsilli, bu məktəbin məzunu Artem Kazantsevdir. Hücum edənin şəxsiyyəti, onun baxışları və ətrafı öyrənilir. Onun neofaşist baxışlara sahib olub-olmaması və nasist ideologiyasına bağlılığı yoxlanılır", - idarədən bildirilib.
İstintaq Komitəsi əlavə edib ki, hazırda atəş açan şəxsin yaşadığı yerdə axtarış aparılır.
Baş verən atışma nəticəsində yaralananların əksəriyyətinin vəziyyəti ağır və ya orta ağırdır , əməliyyatlar həyata keçirilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.
"Yaralıların əksəriyyəti ağır və ya orta ağırdır, əməliyyatlar aparılıb. Ümid edək ki, xilas ola biləcək hər kəsi xilas edəcəyik", - deyə Breçalov jurnalistlərə bildirib.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Udmurtiyada matəm elan edilib.