BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan Ermənistanın paytaxtı İrəvanda keçiriləcək "Uşaq Avroviziyası – 2022" mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə Sputnik Azərbaycan-a İTV-dən məlumat verilib. Azərbaycanın müsabiqədə iştirak etməməyinin səbəbi bu il potensial iştirakçının olmamasıdır: "Azərbaycan hər il iştirak etməyib. Elə illər olub ki, Azərbaycan iştirak edib, elə illər də olub ki, "Uşaq Avroviziyası"ndan imtina edib. Buna səbəb isə həmin il müsabiqədə təmsil olunacaq uşağın olmamasıdır. Yəni, bunun İrəvanda keçirilməsi ilə əlaqəsi yoxdur".
Qeyd edək ki, "Uşaq Avroviziyası-2022" mahnı müsabiqəsi bu il dekabrın 11-də keçiriləcək.
Xatırladaq ki, ötən il Parisdə təşkil olunan "Uşaq Avroviziyası – 2021" mahnı müsabiqəsində Azərbaycanı "One of those days" ("O günlərdən biri") mahnısı ilə Sona Əzizova təmsil etmişdi. Sonadan öncə sözügedən müsabiqədə 2012-ci ildə Ömər Sultanov və Suada Ələkbərova, 2013-cü ildə Rüstəm Kərimov, 2016-cı ildə isə Fidan Hüseynova ölkəmizi təmsil ediblər.