BAKI, 25 sentyabr - Sputnik. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında münaqişələrin həlli səyləri heç bir nəticə verməyib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, təxminən 30 il ötdükdən sonra, 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başlayıb:
"Nəticədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib.
Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan arasında bütün hərbi fəaliyyətlərin başa çatdığını elan etdi. O, regionda sülhün möhkəmləndirilməsi üçün bütün erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılması, məcburi köçkünlərin geri qaytarılması və regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi parametrləri müəyyən etdi".
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa işləri gedir
Bayramov deyib ki, indi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir.
Bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına və münaqişənin təsirinə məruz qalmış ərazilərdə dinc həyatı təmin etməyə imkan yaratmaqdır. Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr qayıdıb.
"Azərbaycan etnik, dini və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməklə, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir.
Davam edən bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi və Ermənistanın minalanmış ərazilər haqqında dəqiq və dolğun məlumat verməkdən davamlı imtina etməsidir. Ermənistan işğalın davam etdiyi illər ərzində və Azərbaycan ərazilərindən öz qüvvələrini çıxararkən həmin əraziləri ağır və fərq qoymadan mina və digər partlayıcı maddələr ilə çirkləndirmişdir. Üçtərəfli Bəyanatın imzalanmasından indiyədək mina partlayışları nəticəsində 240-dan çox Azərbaycan vətəndaşı və hərbçisi həlak olub və ya ağır yaralanıb", - Ceyhun Bayramov vurğulayıb.
"Azərbaycanın minalarla mübarizədə milli imkanlarını və səylərini daha da gücləndirmək və artırmaq üçün məqsədyönlü və davamlı beynəlxalq texniki və maliyyə yardımı ilə yanaşı, mina sahələrinin xəritələrinin əldə edilməsi də insanların həyatını xilas etmək və sülhü möhkəmləndirmək baxımından çox vacibdir. Bu xüsusda, BMT-nin davamlı dəstəyi, adekvat və proqnozlaşdırıla bilən mina fəaliyyətinin maliyyələşdirilməsi zəruridir", - nazir əlavə edib.
Ceyhun Bayramov BMT tribunasından UNESCO-ya müraciət də edib.
Biz UNESCO-nu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xüsusi missiya göndərməyə qətiyyətlə çağırırıq", - Azərbaycanın xarici işlər naziri əlavə edib.