BAKI, 23 sentyabr — Sputnik. Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Şuşaya salam" Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi keçirilib. Layihə Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və "Space" Müstəqil Teleradio Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli, tanınmış Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu, "Space" Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmov və bir sıra tanınmış şəxslər iştirak edib.
Tədbirin açılış nitqində çıxış edən S.Babullaoğlu bildirib ki, layihə ilə əlaqədar dünyanın ayrı-ayrı 30 ölkəsindəki yazıçılara müraciət edilib: "Sentyabr ayının 27-dən başlayaraq hər gün bir əcnəbi yazıçının səsləndirdiyi şeir "Space" TV-də yayımlanacaq və bu, Zəfər gününə - noyabrın 8-dək qədər davam edəcək. ABŞ, Böyük Britaniya, Ruminiya, Macarıstan, Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, İran, Montoneqro, Bosniya-Hersoqovina, Pakistan, Türkiyə kimi ölkələrdən bu layihəyə şairlər qoşuldular. 30 ölkədən 44 şair və yazar, Azərbaycandan isə 8 şair bu lahiyəyə qoşulacaq".
"Şuşaya salam" Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi
© Sputnik / Kemale Aliyeva
Daha sonra çıxış edən AYB sədri Anar qeyd edib ki, Qarabağ müharibəsi başlayandan bəri Yazıçılar Birliyi hər zaman hadisələrin mərkəzində olub: "Yazıçılar Birliyi təbliğat işlərində hər zaman olduğu kimi bundan sonra da daha da intensiv rol alacaq. Bizim haqq işimizi təbliğ etməyimiz üçün bu layihə çox vacibdir. Dünya ölkələrin şairləri öz əsərləri vasitəsi ilə Şuşanı təbliğ etdilər".
"Space" Müstəqil Teleradio şirkətinin prezidenti Müşfiq Hətəmoğlu layihə barəsində çıxış edib: "Müxtəlif tribunalardan Qarabağ həqiqətləri barədə 30 ildir ki, danışırıq. Lakin sözügedən layihə haqq işimizin təbliğində xüsusi yeri olacaq. Həqiqətlərimizin müxtəlif ölkələrdən şairlərin dili ilə deyilməsi Qarabağın Azərbaycanın bir parçası olmasını bir daha bütün dünyaya sübut edəcək".
"Şuşaya salam" Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi
© Sputnik / Kemale Aliyeva
Mədəniyyət Nazirliyinin nümayəndəsi Akif Maarifli qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə nazirliyin üzərinə böyük iş düşüb:
"Biz çalışırıq ki, Qarabağ həqiqətlərini mədəniyyətin dili ilə çatdıraq. Bu layihə dünya xalqlarının fikrində Qarabağla bağlı düzgün imic formalaşdırılmasına kömək edəcək".
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev qeyd edib ki, tarixdə yazıçıların yazdıqları qalır:"Çünki yazıçının, şairin sözü əbədi yaşayır. Əslində, yaxşı yazıçı xalqın əbədiyyətdəki vəkilidir. Baxın dünyada nə qədər şahlar, krallar, xanlar olub. Hamısı gəlib, gedib. Heç əksəriyyətinin izi-tozu da qalmayıb. Həmişə Nizaminin qəbrini ziyarət edəndə düşünürəm ki, Nizaminin dövründən bu günə qədər Azərbaycanda nə qədər siyasətçilər, ölkə rəhbərləri, xanlar, şahlar olub. Demək olar ki, əskəriyyəti zamanla unudulub. Amma Nizaminin əsərləri unudulmayıb. Bütün dünya onu tanıyır. 100 ildən sonra biz də olmayacağıq, amma yazdığımız əsərlər qalacaq".
"Şuşaya salam" Beynəlxalq Poeziya layihəsinin təqdimat mərasimi
© Sputnik / Kemale Aliyeva
Xatırladaq ki, təqdim edilən layihə "Şuşa İli"nə həsr olunub və layihə çərçivəsində 30 ölkədən 44 nəfər tanınmış ədəbiyyatçı və şair Şuşa üçün şeir oxuyacaq. Azərbaycandan layihəyə 8 şair qoşulub.
Qeyd edək ki, "Şuşaya salam" layihəsi 27 sentyabr - 8 noyabr tarixlərində baş tutacaq.