BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
C Divizionunda yer alan Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əvvəlləri sakit tepmdə keçsə də, tərəflər tədricən fəallığı artırıblar. Qapı istiqamətində ilk zərbəni 16-cı dəqiqədə Renat Dadaşov vurub. Amma 23 yaşlı forvard hədəfdən yayınıb. 10 dəqiqə sonra Bədavi Hüseynovun vurduğu top az fərqlə qapıdan aralı keçib.
Oyuna ilk real qol vəziyyətini isə meydan sahibləri yaradıb. Erik Yirka başla boş qapını nişan ala bilməyib. 32-ci dəqiqədə Riçard Almeydanın zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Yirka növbəti dəfə diqqət mərkəzinə düşsə də, Şahruddin Məhəmmədəliyev onun fərqlənməsinə mane olub. 37-ci dəqiqədə Matuş Beronun qüvvətli zərbəsi zamanı qapı tiri Azərbaycan millisini xilas edib. 41-ci dəqiqədə yığma əla əks hücumu qolla tamamlaya bilməyib.
Almeydanın ötürməsinə toxunan olmayıb. Lakin 3 dəqiqə sonra hesab açılıb. Ozan Can Kökçünün ötürməsini qəbul edən Dadaşov gözlənilməz zərbə ilə komandasını önə keçirib. Beləliklə, Azərbaycan yığması fasiləsə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə daha yaxşı başlayan slovakiyalılar bunun məntiqi nəticəsi kimi ardıcıl 2 epizodda qola yaxın olublar. Əvvəlcə ağ cinahdan təhlükəli hava ötürməsi zamanı, ardınca isə Beronun zərbəsindən sonra Məhəmmədəliyev rəqibin fərqlənməsinə imkan verməyib. 58-ci dəqiqədə Laslo Beneşin zərbəsi qapının üstündən keçib. 59-cu dəqiqədə qapı tiri hesabın bərabərləşməsinə mane olub. 65-ci dəqiqədə Kristian Vallonun ötürməsi təhlükəli alınsa da, topa toxunan olmayıb. 70-ci dəqiqədə David Hantskonun vurduğu top az fərqlə qapıdan aralı keçib.
79-cu dəqiqədə Ramil Şeydayev sol cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, qapı istiqamətində zərbə vura bilməyib. 88-ci dəqiqədə Samuel Mrazın başla zərbəsində dəqiqlik çatmayıb. 90-cı dəqiqədə Stanislav Lobotkanın vurduğu top qapıçıda qalıb. Buna baxmayaraq, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib. Buna baxmayaraq, Azərbaycan millisi əlavə olunmuş 5-ci dəqiqədə qalibiyyət qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib. Həm Haqverdi, həm də hesabı açan Dadaşov yığmada ilk qollarını vurublar (Report).
Tarixində birinci dəfə səfərdə Slovakiyaya qalib gələn Azərbaycan seçməsi bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. Yığma həmçinin C Liqasındakı yerini qoruyub. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.
Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.