BAKI, 23 sentyabr — Sputnik. Vaşinqton Türkiyə banklarını Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir. Bu barədə "Yeni Şafak" qəzeti yazıb.
"Ankara və Moskva arasında münasibətlərə müdaxilə etməkdən çəkinməyən ABŞ Türkiyə banklarını Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir", – deyə nəşr bildirib.
Qeyd edilir ki, ancaq Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tətbiq edilən sanksiyalara əməl edən Ankaranın mövqeyi uzun illərdir ki, dəyişməyib.
Xatırladaq ki, Türkiyənin "Denizbank" və "İşbank"ı bu yaxınlarda "Mir" kartlarına xidməti dayandırdıqlarını açıqlayıblar.
Onlar bildiriblər ki, bu qərar ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar verilib. Lakin hazırda Türkiyənin iri bankları "Halkbank", "Ziraat Bankı" və "Vakıf Bankı" Rusiya ödəniş sisteminin kartlarından öz bankomatlarında nağd pul çıxarmağa imkan verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Rusiyanın "Mir" kartlarının respublikada sonrakı istifadəsi ilə bağlı qərar verə biləcəyini bildirib.