CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb

Sentyabr döyüşlərində yaralanan hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb, əsas məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsidir
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.
Məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.
Artıq xəsarət alan 50-dək hərbçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.
Xatırladaq ki, 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.