BAKI, 22 sentyabr — Sputnik. Çin Ukrayna böhranı ilə bağlı "obyektiv və ədalətli" mövqedən çıxış etməyə davam edəcək. Bu sözləri Çinin xarici işlər naziri Van İ Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
"Van İ vurğulayıb ki, Çin bundan sonra da obyektiv və ədalətli mövqeyə sadiq qalacaq, sülhə və danışıqlara kömək edəcək", - deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Çin Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukrayna münaqişəsinin bütün tərəflərinin diplomatik dialoqdan imtina etməyəcəklərinə və təhlükəsizlik problemlərinin sülh danışıqları yolu ilə həllində israrlı olacaqlarlarına ümid etdiyini bildirib.
Bu yaxınlarda Çin hakimiyyəti açıqlayıb ki, ÇXR-in ali siyasi rəhbərliyinin fikrincə, Ukraynadakı böhran qeyri-hərbi üsullarla həll edilməli və münaqişənin bütün tərəfləri ən qısa zamanda atəşi dayandırmalıdır.
Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi xüsusilə vurğulayıb ki, digər ölkələrin böhranın həllinə müdaxiləsi Ukraynadakı münaqişənin bu və ya digər tərəfinə hərbi yardım şəklində ifadə edilməməli, müstəsna olaraq diplomatik xarakter daşımalıdır.