RUSİYA

Rusiya istənilən sanksiya təzyiqinə tab gətirəcək - Lavrov

Bu ilin Rusiya Prezidenti xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhə etmədiyini bildirib. RİA Novosti xəbər verir ki, bu barədə rusiyalı nazir "Newsweek" jurnalına müsahibəsində deyib.
“Biz maraqlarımızı qorumaq üçün bütün mövcud imkan və vasitələrdən istifadə etmək niyyətindəyik. Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhəm yoxdur”, - deyə Lavrov bildirib.
Eyni zamanda, nazir vurğulayıb ki, Moskva yeni xarici ticarət və maliyyə reallıqlarına uyğunlaşmağa və idxalın əvəzlənməsini intensivləşdirməyə davam edəcək.
“Dostlarla birlikdə qarşılıqlı ticarətdə ABŞ dollarının payını azaldacaq və qarşılıqlı hesablaşmaları milli valyutaya çevirəcəyik”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.
Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.