BAKI, 21 sentyabr — Sputnik. Xalq artisti, "Şöhrət" ordenli aktrisa, bədii qiraətçi Əminə Yusifqızı səhhəti ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən qiraətçi səhhətində heç bir problem olmadığını söyləyib.
"Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Bilmirəm, bu xəbəri kim necə uydurub? Səhərdən jurnalistlər mənə zəng edir. Mən də elə bilirəm sabah ad günümdür, təbrik üçün zəng edirlər. Xəbəri dəqiqləşdirmədən necə dərc edirlər, anlamıram", - deyə Ə.Yusifqızı bildirib.
Aktrisa əlavə edib ki, son zamanlar əksər verilişlərdən imtina edib və ola bilsin şayiələr də bu səbəbən yayılır:
"Mən artıq hər verilişə getmirəm. Müsahibələrdən imtina edərəm, görünür, adamlar buna görə hesab edirlər ki, mənə nəsə olub. Amma heç bir şey yoxdur, hər şey yaxşıdır"
Qeyd edək ki, bəzi KİV-lər Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhətinin pisləşdiyini, qida qəbul edə bilmədiyini xəbər vermişdilər.
Tanınmış aktrisa, "Şöhrət" ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.