CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb

Milli Məclisin Səhiyyə komitəsinin üzvü bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.
Sputnik
BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycanda onkoloji xəstələrin sayı artıb və 60 minə yaxınlaşıb". Bunu deputat Kəmaləddin Qafarov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur:
"Onkoloji xəstələrin müalicəsi üçün vəsaitin artırılmasına ehtiyac var. Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməlidir, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır. Bu problemlə bağlı seçicilər tərəfindən olan müraciətlərin sayında da artımlar var".
Qeyd edək ki, Prezident İlham Əliyev "Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.
Belə ki, "Onkoloji yardım haqqında" qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var.
Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.