DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi toqquşma zonasındakı son vəziyyəti açıqladı

Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov bildirib ki, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin nümayəndələri daim təmasdadırlar.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Qırğızıstanın Tacikistanla sərhədində vəziyyət gərgin olaraq qalır, təxliyə edilən vətəndaşlar hələ də müvəqqəti dislokasiya yerlərindədir. Bunu Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov mətbuat konfransında bildirib.
"Hazırda atəşkəs rejiminin qorunub saxlanmasına baxmayaraq, vəziyyət gərgin olaraq qalır. Təxliyə edilmiş bütün vətəndaşlarımız müvəqqəti dislokasiya yerlərində qalırlar", - o deyib.
İmankulovun sözlərinə görə, sərhəddə vəziyyətin yenidən gərginləşməsinin qarşısını almaq üçün iki ölkənin nümayəndələri daim təmasdadırlar.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.
Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.
RUSİYA
Putin Qırğızıstan və Tacikistan liderlərinə zəng vuraraq yardım təklif edib