BAKI, 19 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri həqiqətən də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə töhfə verəcəksə, Rusiya bunu alqışlamağa hazırdır. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda bu normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü aksiyalarla və bəyanatlarla? Gəlin izləyək, zamanla hər şey aydın olacaq", - deyə Peskov bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda qalıb və Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.
Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistan müstəqillik əldə etdikdən sonra ilk səfəri idi. Yüksək səviyyəli Amerika nümayəndə heyətinə konqresmenlər Frenk Pallone, Anna Eşu və Ceki Spier daxil idi.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar basdırmağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.