BAKI, 18 sentyabr - Sputnik. Qırğızıstan prezidenti Sadır Cəfərov sentyabrın 19-nu Tacikistanla sərhəddə baş verən toqquşmalarda həlak olanlar üçün milli matəm günü elan edib.
Bu barədə bu gün dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Respublikasının Prezidenti Sadır Cəfərov 19 sentyabr 2022-ci il tarixinin Qırğızıstan Respublikasında ümummilli matəm günü elan edilməsi haqqında sərəncam imzalayıb”, - məlumatda deyilir.
Prezidentin sərəncamında qeyd olunduğu kimi, ümummilli matəm günündə ölkə ərazisində, habelə xaricdəki diplomatik və konsulluq müəssisələrinin binalarında respublika bayraqları yarıya qədər endirilir. Prezident mədəniyyət müəssisələrinə sentyabrın 19-da əyləncə tədbirlərinin və verilişlərin ləğv edilməsini də tövsiyə edib.
Qırğızıstan-Tacikistan dövlət sərhədinin Oş vilayətinin Çon-Alay rayonunda və Batken vilayətində yerləşən hissəsində vəziyyət gərgin olaraq qalır.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib.
Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Atışma yalnız axşama yaxın dayanıb.
Qırğızıstan tərəfi bazar günü toqquşmalar nəticəsində 36 nəfərin öldüyünü və 129 vətəndaşının yaralandığını bildirib.
Tacikistan Xarici İşlər Nazirliyininsə yaydığı məlumatda qeyd olunur ki, Qırğızıstan hərbçilərinin atəşə tutması nəticəsində 38 Tacikistan vətəndaşı həlak olub, 20-dən çoxu yaralanıb.
Tacikistan XİN-in mətbuat katibi bildirib ki, Qırğızıstan heç bir səbəb olmadan Tacikistana qarşı silahlı təcavüz aktı törədib.