DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan prezidenti Kraliça II Yelizavetanın tabutu qarşısında biabır olub

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vestminster sarayında kraliça II Yelizaveta ilə vida mərasimi zamanı protokolu pozduğuna görə Britaniya nəşrləri tərəfindən tənqid atəşinə tutulub.
Sputnik
BAKI. 18 sentyabr - Sputnik. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Londonda Vestminster sarayında kraliça II Yelizaveta ilə vida mərasimi zamanı protokolu pozduğuna görə tənqid atəşinə tutulub. Bu barədə Britaniyanın Daily Mail nəşri yazıb.
Qəzetin yazdığına görə, Xaçaturyan kraliçanın cəsədi ilə tabutun yanında şəkil çəkdirib və bununla da monarxla ictimai vidalaşmanın müəyyən edilmiş qaydalarını pozub.
Onun fotosunu Ermənistan prezidentinin köməkçilərindən biri çəkib. Nəşr yazır ki, bu, kraliça ilə vidalaşma zamanı fotoqrafiya qadağasının pozulması ilə bağlı ilk haldır.
Bundan əlavə, Daily Mail yazır ki, Xaçaturyan VİP cığırı ilə kraliça II Yelizavetanın tabutunun olduğu otağa enərkən köməkçiləri ilə yüksək səslə danışıb, görünür, bu da qaydaların kobud şəkildə pozulmasıdır.
Kraliçanın cəsədi olan tabut sentyabrın 14-dən Londonun Vestminster sarayındadır və burada on minlərlə insan monarxın dəfn mərasiminin keçiriləcəyi sentyabrın 19-na kimi onunla vidalaşa bilər.
Böyük Britaniya parlamentariləri və xarici liderlər də daxil olmaqla VIP-lər üçün saraya ayrıca giriş açıqdır.
II Yelizaveta sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib, sonra cəsədi Edinburqa, oradan da Londona aparılıb.
O, Britaniya tarixində ən uzun müddət - 70 il 7 ay hakimiyyətdə olub. Yeni monarx onun böyük oğlu, 73 yaşlı Çarlzdır və o, III Çarlz adını alıb.