BAKI, 17 sentyabr - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev konstitusiyaya birdəfəlik 7 illik prezident mandatını təqdim edən və paytaxtın adının Nur-Sultandan Astanaya dəyişdirilməsi ilə bağlı dəyişiklikləri imzalayıb.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının qanununu imzalayıb", - deyə məlumatda bildirilir.
Qazaxıstan prezidenti Tokayev sentyabrın 1-də xalqa müraciətində ilk beş illik səlahiyyət müddətinin 2024-cü ilə qədər bitməməsinə baxmayaraq, bu payızda növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.
Eyni zamanda o, seçkilərdən sonra prezidentlik müddətinin 5 ildən 7 ilə, lakin təkrar seçilmək hüququ olmadan artırılması təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb. İndi eyni şəxs ardıcıl iki dəfədən artıq prezident seçilə bilməz.
Sentyabrın 2-də "Jana Qazaxıstan" (Yeni Qazaxıstan) deputat qrupu qarşıdan gələn seçkilərə qədər konstitusiyaya yeddi illik prezident mandatının daxil edilməsini və prezidentin bu ilin payızında yeddi illik müddətə seçilməsini təklif edib.
Sentyabrın 12-də Tokayev Konstitusiya Şurasından deputatların bu təklifinin əsas qanuna uyğunluğunu yoxlamağı xahiş edib və müsbət cavab alıb.
Qanun layihəsində paytaxtın adının Nur-Sultandan Astana adlandırılması ilə bağlı müddəa da öz əksini tapıb.
Sentyabrın 15-də parlament bu qanunu yekdilliklə qəbul edib və imzalanmaq üçün prezidentə göndərib.