DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT ölkələr arasındakı gərginliyi sülh yolu ilə həll etməyə çalışır - Anatoli Sidorov

General bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsində münaqişələrin həllində siyasi və diplomatik üsullara üstünlük verilməsi qeyd olunub.
Sputnik
BAKI, 17 sentyabr - Sputnik. KTMT “hələ qılıncını qınından çıxarmır” və Ermənistanla Azərbaycan, eləcə də Qırğızıstan və Tacikistan sərhədlərində gərginliyin kəskinləşməsini sülh yolu ilə həll etməyə çalışır. Bu barədə jurnalistlərə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Tacikistan-Qırğızıstan sərhədində KTMT üçün xoşagəlməz vəziyyət yaranıb.
“Eyni zamanda bizim nizamnaməmizdə də, sənədlərimizdə də, Kollektiv Təhlükəsizlik Müqavilənin özündə də yazılıb ki, siyasi və diplomatik üsullara üstünlük verilir. Ona görə də hələlik biz heç bir qılıncı qınından çıxartmırıq və məsələləri mümkün qədər sülh yolu ilə həll etməyə çalışırıq. Hesab edirəm ki, bu istiqamətdə işin həm burada, həm də Mərkəzi Asiya regionunda böyük perspektivləri var”, - deyə o bildirib.
Xatırladaq ki, KTMT növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib.
Ermənistana ezam olunmuş missiyanın qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq. Bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.
“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - deyə KTMT-nin qərargahından bildirilib.
O da bildirilib ki, qyrı-ayrı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi ilə bağlı tədbirlər, o cümlədən bir sıra işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.