BAKI, 17 sentyabr - Sputnik. Kənd təsərrüfatı məhsulları daşıyan daha iki quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Bu barədə şənbə günü Anadolu Agentliyi Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bundan əlavə, daha 7 gəmi qola düşməyə hazırdır. Qərar hava şəraitindən asılı olaraq veriləcək.
Türkiyə Müdafiə Nazirliyi avqustun 1-dən Ukrayna limanlarından 3 milyon 250 min tondan çox kənd təsərrüfatı məhsulunun ixrac edildiyini bildirib.
İyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.
Taxıl müqaviləsi Ukraynanın Odessa, Yujnı və Çernomorsk limanlarını əhatə edir. Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üzrə Anlaşma Təşəbbüsünün müddəalarının həyata keçirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin dəniz dəhlizi ilə təhlükəsiz keçməsinə nəzarət etmək, gəmilərdə silah qaçaqmalçılığı və mümkün təxribatın qarşısının alınması üçün yoxlanılması məqsədilə Birgə Koordinasiya Mərkəzi yaradılıb.