BAKI, 17 sentyabr - Sputnik. Baş Prokurorluq sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları ilə bağlı bəzi iddiaların araşdırılmasına başlayıb. Bu barədə qurumun məlumatında deyilir.
Bildirilir ki, cari ilin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb.
"Həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır", - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
Beləliklə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 79-a çatıb.