İQTİSADİYYAT

Valyuta hərraclarında təklif tələbi üstələyir

Səkkiz ayda strateji valyuta ehtiyatları 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib
Sputnik
BAKI, 16 sentyabr — Sputnik, Xalid Məmmədov. Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. Ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələyib.
Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilib.
Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət var. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir edib.
Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olub.
Qeyd edək ki, profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.