DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar Tacikistanın hərbi təcavüzünü dəf etməkdə davam edirlər.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin davam etdiyini bildirib. Bu barədə Rusiya mediası məlumat yayıb.
"Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir", - deyə qurumun məlumatında qeyd olunub.
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar Tacikistanın hərbi təcavüzünü dəf etməkdə davam edirlər.
Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 16-da səhər saatlarında başlayıb. Qırğızıstanın sərhəd idarəsi bildirib ki, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Öz növbəsində Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, Qırğızıstan sərhəd birliyinin hərbçiləri müqavilənin şərtlərini pozaraq Tacikistanın "Düşənbə" sərhəd zastavasını ağır silahdan atəşə tutublar.
Bundan əvvəl Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 18 Qırğızıstan vətəndaşının yaralandığını bildirmişdi.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.
Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.