BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilən danışıqlar zamanı mümkün qədər tez vaxtda birgə investisiya fondunun yaradılmasının vacibliyini vurğulayıblar. Bu barədə Özbəkistan liderinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.
"Birgə investisiya fondunun yaradılmasının sürətləndirilməsinin, eləcə də neft-qaz sənayesi, avtomobil sənayesi, kimya sənayesi, kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib", - o, öz "Telegram" kanalında yazıb.
Dövlət başçıları sazişlərin ən yüksək səviyyədə icra vəziyyətini də nəzərdən keçiriblər.
İlham Əliyev sentyabrın 15-dən 16-dək Səmərqənddə keçirilən ŞƏT sammitində fəxri qonaq qismində iştirak etmək üçün çərşənbə günü Özbəkistana gəlib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib.
Kremlin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında Səmərqənddə keçirilən danışıqların gündəliyi ilə bağlı danışarkən bildirib ki, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi müzakirə edəcək.
Xatırladaq ki, İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub. Bu barədə Anlaşma Memorandumu Səmərqənddə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və təşkilatın baş katibi Can Min tərəfindən imzalanıb.