BAKI, 15 sentyabr - Sputnik. Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında qüvvəyə minmiş atəşkəs sazişini alqışlayır. Bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi açıqlamasında deyilir.
“Atəşkəs rejiminə hələ də əməl olunması barədə ərazilərdən gələn xəbərlər bizi ruhlandırır. Biz tərəfləri onun icrasını davam etdirməyə və əsgər cəsədlərinin təhvil verilməsi kimi humanitar tədbirləri əlaqələndirməyə çağırırıq”, - deyə cümə axşamı Brüsseldə dərc edilən kommünikedə bildirilir.
Daha sonra sənəddə qurumun münasibətlərin normallaşdırılması üçün işləri davam etdirdiyi qeyd olunur:
“Aİ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində, o cümlədən Avropa Şurasının prezidenti Çarlz Mişelin vasitəçiliyi ilə ən yüksək səviyyədə fəal iştirak etməyə davam edir”.