BAKI, 14 sentyabr - Sputnik. “Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov özünün rəsmi tviter səhifəsində bildirib.
“Allah şəhidlərimizə rəhmət eləsin! Ermənistanda həqiqi sülh tərəfdarları çoxluq təşkil etməyənə qədər region daim müharibə təhlükəsi altında qalacaq. Revanşizm ideyaları gənc günahsız həyatlara son qoyur! Ermənistan artıq yuxulardan ayılmalıdır!”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.