Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Paşinyan öz bəyanatını təkzib edib, lakin etirazçılar dağılışmırlar - VİDEO

Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub.
Sputnik
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan erməni tərəfinin hansısa sənədi imzalamağa hazırlaşması barədə verdiyi bəyanatı təkzib edib. Bu barədə o sosial şəbəkədəki hesabında yazıb.
Bu gün Nikol Paşinyan parlamentdəki hökumət saatında bəyan edib ki, İrəvan hansısa sənədi imzalamaq niyyətindədir. Paşinyan deyib ki, imzalamadan sonra bir çoxları Ermənistan hakimiyyətini qınayacaq və onları satqınlıqda da günahlandıra bilərlər.
"Biz bir kağızı imzalamaq istəyirik. Nəticədə bizi tənqid edəcəklər, söyəcəklər, satqın adlandıracaqlar, hətta xalq bizim hakimiyyətdən uzaqlaşdırılmağımız barədə qərar da qəbul edə bilər. Və biz ona minnətdar olacağıq, çünki imza nəticəsində Ermənistan Respublikası 29 min 800 kvadrat kilometrlik ərazisi ilə uzunmüddətli sülh və təhlükəsizlik əldə edəcək. Mən çox aydın şəkildə deyirəm ki, bunu təmin edəcək qərara imza atacağam. Və məni mənim başıma nə gələcəyi maraqlandırmır, məni Ermənistan Respublikasına nə olacağı maraqlandırı", - deyə o, bildirib.
Bu bəyanat Ermənistan vətəndaşları arasında narazılığına səbəb olub. Hazırda hökumət və parlament binaları qarşısında etiraz aksiyaları keçirilir. İrəvan küçələrində nəqliyyatın hərəkəti iflic olub. Küçələrdə polis qüvvələrinin sayı artılırır.
"Əziz həmvətənlər, xahiş edirəm, manipulyasiyalara uymayın! Heç bir sənəd imzalanmayıb və imzalanmağa da hazırlanmır", - Paşinyan bəyan edib.
Onun sözlərinə görə, baş verənlər informasiya təxribatıdır.
Nikol Paşinyanın bu sözləri hazırda İrəvan küçələrində olan etirazçıları sakitləşdirməyə yönəlsə də, aksiyalar davam edir və getdikcə böyüyür.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.